Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq
Bakı, 11 may (AZƏRTAC). Şərqdə ilk demokratik respublika quran Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşanda ona ilk dəstək Türkiyədən gəldi. Özü də Azərbaycanın dövlət müstəqilliyi barədə Konstitusiya Aktının qəbulundan az sonra. Yəni, 1991-ci il noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini rəsmən tanıdı və bununla da Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yeni mərhələsi başladı.
Sözsüz ki, Azərbaycanın müstəqilliyinə qovuşması o qədər də asan başa gəlməmişdir. Hələ sovetlər dönəmindən başlayan erməni təcavüzü, əsassız torpaq iddiaları müstəqilliyin ilk illərində daha da şiddətləndi. SSRİ boyda nəhəng bir imperiyanın çökməsi nəticəsində yaranan mürəkkəb regional şəraitdə Türkiyə Azərbaycana hərtərəfli dəstək oldu, bu ağır vəziyyətdən çıxmaq üçün köməyini əsirgəmədi.
Hələ ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkən müstəqil şəkildə Türkiyə ilə diplomatik əlaqələr qurmağa başladı. Türkiyənin əhəmiyyətini yüksək dəyərləndirən ulu öndərin xarici siyasətində də bu qardaş dövlət həmişə xüsusi bir önəm daşımışdır.
Ümummilli liderin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə ilə əlaqələrə xüsusi diqqət yetirir.
Müstəqilliyin bərpasından ötən 20 ildə sosial-iqtisadi, siyasi və digər sahələrdə inkişaf edən Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bu gün dövlətlərarası münasibətlərdə dünyaya örnəkdir. Hər iki dövlət yeri gələndə bir-birlərindən ötrü şəxsi maraqlarını da arxa plana keçirə bilirlər. Bunun əsas səbəbi əlbəttə ki, Türkiyə ilə Azərbaycanın qan və can qardaşlığıdır. Ulu öndər Heydər Əliyevin də dəfələrlə dediyi kimi, bu qardaşlıq sarsılmaz və əbədidir. Daim belə də davam edəcəkdir.
Xüsusilə beynəlxalq münasibətlər müstəvisində iki dövlətin bir-birini ardıcıl və davamlı dəstəkləməsi dünya siyasətində o qədər də tez-tez rast gəlinməyən səviyyədə təzahür edir. Azərbaycan ilə Türkiyənin mövqeyi beynəlxalq təşkilatlarda müxtəlif strateji və regional məsələlər üzrə də bir-birinə çox yaxındır və üst-üstə düşür. Tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir.
Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı 2009-cu ilin sentyabrında İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq Azərbaycanda heç də müsbət qarşılanmamışdı. Bir sıra ekspertlər tərəfindən bu razılaşmaların elə kağız üzərində qalacağını və reallaşmayacağını əks etdirən arqumentləri ortaya çıxdı. Nəticədə həmin siyasi maraqların ulu öndərin dediyi kimi “iki dövlət, bir millət” anlayışından üstün ola bilmədiyi və bu maraqların reallaşmasının mümkünsüzlüyü özünü təsdiqlədi.
Bu hadisələrin fonunda bəzi anlaşılmazlıqlar, ömrü çox qısa olan narazılıqlar yaşansa da, hər iki dövlətin rəhbərləri öz toplumlarının da bu məsələdə qardaşlıq münasibətlərini daha uca tutması amalına arxalanaraq bütün çətinlikləri arxada qoymaq məsələsində dünyanın güc mərkəzlərinin, eləcə də beynəlxalq aləmin deyil, məhz Azərbaycan və Türkiyə xalqlarının istəyinə uyğun həllinə nail oldular.
Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq hazırda elə bir yüksək mərhələdədir ki, bu, qardaş dövlətlərin istənilən məsələdə mövqelərinin bir olduğunu, daim birinin digərinin arxasında dayandığını həmin ölkələrin cəmiyyətlərinə anlatmağa, eləcə də dünyaya izah etməyə heç bir ehtiyac duyulmur. Türkiyəyə qarşı atılan istənilən addıma ilk reaksiyanın Azərbaycandan gələcəyinə nəinki Türkiyə cəmiyyətində, beynəlxalq aləmdə də heç kim şübhə etmir.
Dünyanın bir sıra ölkələrinin parlamentlərində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən sənədlərə təkcə Azərbaycan dövlətinin deyil, eləcə də Azərbaycan xalqının reaksiyasını xatırlamaq kifayətdir ki, qardaş dövlətlərimiz arasında münasibətlərin nə dərəcədə sarsılmaz olduğu anlaşılsın. Eyni zamanda, artıq 20 ilə yaxındır ki, Türkiyənin təcavüzkar Ermənistan ilə sərhədlərini açmaması, bəzi qonşu dövlətlərin hərbi təhdidləri zamanı qardaş ölkənin hərbi hava qüvvələri və digər imkanları vasitəsilə Azərbaycana dəstək verməsi belə nümunələrin cüzi bir hissəsidir.
Əlaqələrin bütün sahələrdə dayanıqlı inkişafını təmin etməkdən ötrü hər iki dövlətin rəhbərlərinin, hökumət üzvlərinin, eləcə də iş adamlarının qarşılıqlı səfərləri, müştərək komissiyaların, işçi qrupların fəaliyyəti davamlı olaraq yüksək səviyyədə həyata keçirilir. Bərabərhüquqlu və ən ali dəyərlərə söykənən Azərbaycan-Türkiyə əlaqələri hazırda dünyanın başqa ölkələri arasında mövcud olan və ya ola biləcək ikitərəfli münasibətlərə örnəkdir.
Bir çox tərəfdaş ölkələrdən fərqli olaraq Azərbaycan ilə Türkiyənin bir-birinə qarşı heç bir sənəd üzərində yazılmayan çox ciddi və sarsılmaz öhdəlikləri vardır. Bunu böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı da təsdiq edir. XX əsrin əvvəllərində deyilmiş bu fikri əsrin sonlarında türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı daha da möhkəmlədir, hər iki ölkənin cəmiyyətlərinin əbədi inkişaf istiqamətlərini bir daha onların diqqətinə çatdırır...
2010-cu ilin sentyabrında Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında imzalanan bəyannamə sarsılmaz əlaqələrin bariz nümunələrindən hesab oluna bilər. İmzalanmadan sonra Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində demişdir ki, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması sadəcə bir müqavilə, saziş deyildir. Bu sənəd bizə imkan verəcək ki, gələcəkdə bütün sahələrdə fəaliyyətimizi birlikdə quraq, əlaqələndirilmiş şəkildə aparaq və bütün istiqamətlərdə daha böyük nəticələrə nail olaq.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da həmin sazişlə bağlı qeyd etmişdir ki, Türkiyə-Azərbaycan əməkdaşlığı sadəcə dövlətlərimiz arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın paylaşdığı köklü tarix və qəlb birliyinə söykənir. Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır. Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoymuşlar.
Türkiyə bütün dövrlərdə Azərbaycanın haqq işini dəstəkləyir, ərazi bütövlüyünün bərpa edilməsi üçün böyük səylər göstərir. Türkiyənin regionun gələcək inkişafı naminə irəli sürdüyü sabitlik paktını bu gün bölgənin ən aparıcı ölkəsi olan Azərbaycan yekdilliklə dəstəkləyir.
Azərbaycanda “Eurovision” kimi möhtəşəm bir mahnı müsabiqəsi başlamışdır. Bu müsabiqəni ölkəmizə gətirən qaliblər elə qalib olunan andan əllərində Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin də bayrağını dalğalandırmışlar. Mahnı müsabiqəsi olmasına baxmayaraq, bu jest həm də dünyaya iki dövlətin münasibətlərinin səviyyəsini nümayiş etdirən bir mesaj idi. Bu qələbə hər iki ölkə, eləcə də bütün türk dünyası üçün böyük hadisə oldu. Eldar ilə Nigarın bu qələbəsi münasibətilə Türkiyənin Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, mədəniyyət və turizm naziri Ərtoğrul Günay Azərbaycan xalqını təbrik etdilər.
Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda qazandığı uğurlar Türkiyənin də maraqlarına xidmət edir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə ən çox sevinən Türkiyə oldu. Qardaş ölkədə Azərbaycan diplomatiyasının bu uğuru həm də Türkiyənin uğuru kimi dəyərləndirildi.
Hələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu yaradılanda Azərbaycan Türkiyənin də bu quruma həmsədr olmasına çox cəhd etdi. Əslində Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri olsaydı, münaqişənin ədalətli həlli ilə bağlı çox şey gözləmək olardı. Amma beynəlxalq ələmdəki bədxahlarımız iki dövlətin birlikdə hansı gücə malik olduğunu və gələcəkdə regionda hansı qüdrətə sahib olacaqlarını təxmin etdikləri üçün buna razılıq vermədilər.
Bütün bunlar əslində həm də Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığının və bu qardaşlığın əbədi olduğunun düşmənlərimizin etirafıdır.
Amma aradan keçən illər bütün beynəlxalq təşkilatlarda iki qardaş dövlətin birliyinin yalnız möhkəmləndiyini təsdiqləməklə yekunlaşmışdır. İndi Azərbaycanın və Türkiyənin birliyini təkcə mənəvi dəyərlər, tarixi köklər deyil, eyni zamanda, regionun, eləcə də yeni minilliyin nəhəng layihələri möhkəmləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin gerçəkləşməsinə nail olan Azərbaycan və Türkiyə nəinki regionun, bütövlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynamaqdadır. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.
Son illərdə ölkələrimiz arasında münasibətlərin dinamizminin möhkəmlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qarşılıqlı əməkdaşlıq tellərinin genişlənməsinə impuls vermişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, iki qardaş ölkə arasında qırılmaz tellərin, milli ənənələrin mövcudluğu inkişafın davamlı olmasına əlverişli zəmin yaradır. Bu ənənələr, prinsiplər gələcəkdə də davam edərək daha da möhkəmlənəcəkdir.
Bir sözlə, indi Azərbaycan-Türkiyə münasibətləri öz inkişafının elə bir mərhələsinə gəlib çatmışdır ki, bu ittifaqa qarşı gəlmək hətta dünyanın ən güclü dövlətlərini belə regiondakı maraqlarından məhrum edə bilər. Bu münasibətlərin rəsmi təminatçısı əlbəttə ki, iki ölkənin dövlət başçıları, onların maddi və mənəvi dayağı isə iki dövlətdə yaşayan bir millətdir.
Albina Atlıxanova
AZƏRTAC-ın müxbiri