Azərbaycan Türkiyənin Qara dəniz bölgəsində keçirilən kitab sərgisində təmsil olunur







Ankara, 17 may, AZƏRTAC
Türkiyənin Amasiya vilayətində 8-ci Merzifon Kitab Sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan stendini Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi qurub. Sərginin rəsmi açılış mərasimi Merzifon şəhər meydanında keçirilib.
Çıxış edənlər Türkiyənin Qara dəniz bölgəsinin ən böyük mədəniyyət tədbiri hesab olunan Merzifon Kitab Sərgisi vasitəsilə on minlərlə oxucunun kitab və müəlliflərlə görüşdüyünü bildiriblər. Onlar mədəniyyətin, ədəbiyyatın təbliği, yeniyetmə və gənclərin mütaliə vərdişlərinə yiyələnməsinin vacibliyini qeyd ediblər. Yüzlərlə nəşriyyatın və yazarın iştirak etdiyi Merzifon Kitab Sərgisinin kitabların təqdim olunduğu bir məkan olmaqdan əlavə, mədəniyyət və fikir dünyasına töhfə verən mədəni görüş platforması olduğu söylənilib.
Sərgi çərçivəsində ölkəmiz üçün ayrılmış stendi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edib. Azərbaycan stendində dövlətçiliyimiz, Ulu Öndər Heydər Əliyevin irsi, müasir Azərbaycanın nailiyyətləri, tariximiz, mədəniyyətimizə aid kitablar sərgilənir. Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin klassik irsimizə dair Türkiyə türkcəsində nəşr etdiyi kitablar, İstanbuldakı “Zəngin yayınçılıq” nəşriyyatının Azərbaycana dair nəşrləri təqdim olunur.
Sərgidə Nizami Gəncəvi “Xəmsə”sinə aid “İskəndərnamə” və “Sirlər xəzinəsi”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc”, habelə Azərbaycan uşaq yazarı Solmaz Amanovanın “İlmənin macəraları” adlı əsərlərinin türk dilinə tərcümə olunmuş nəşrlərinin təqdimatı planlaşdırılır.
Türkiyənin aparıcı nəşriyyatlarının iştirak etdiyi sərgidə kitabsevərləri imza mərasimləri, diskussiyalar, panellər və seminarlar da gözləyir.
Ankara