Azərbaycan Universiteti XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Universiteti XI Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur. Universitetin stendində əsasən professor-müəllim heyətinin dərslik və dərs vəsaitləri, bu ali təhsil müəssisəsinin nəşrləri, elmi jurnallar, konfrans materialları nümayiş olunur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, stendlə tanışlıq zamanı ziyarətçilərə Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilir, sualları cavablandırılır.
Bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunan sərgidə Azərbaycanla yanaşı Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər, Rusiya, Gürcüstan və digər ölkələrin görkəmli yazarları, elm adamları da iştirak edirlər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun nümayəndələri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi oktyabrın 7-dək davam edəcək.