Azərbaycan Universitetində mikromobillik mövzusunda maarifləndirici sessiya
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşəbbüsü ilə Azərbaycan Universitetində tələbələr üçün mikromobillik vasitələrinin düzgün və təhlükəsiz istifadəsi ilə bağlı maarifləndirici sessiya təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sessiyanın keçirilməsində məqsəd tələbələrə gündəlik həyatlarında faydalı olacaq bilik və vərdişlər qazandırmaq, ictimai mühitdə məsuliyyətli davranış mədəniyyətini formalaşdırmaq və müasir nəqliyyat növlərindən istifadəni təşviq etməkdir.
Tədbirin birinci hissəsində AYNA-nın Kommunikasiya departamentinin böyük mütəxəssisi Ruhlan Əbülfəzzadə “Universitet mühitində mikromobillik mədəniyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda agentliyin yaranması və fəaliyyət istiqamətləri, həmçinin mikromobillik anlayışı barədə məlumat verilib, bu sahə ilə bağlı maraqlı faktlar diqqətə çatdırılıb. Daha sonra tələbələrlə mikromobillik mədəniyyətinin formalaşdırılması, təhlükəsiz hərəkət vərdişlərinin gücləndirilməsi və mövcud infrastruktur barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Tədbirin ikinci hissəsində skuterdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının gücləndirilməsi məqsədilə praktiki təlim təşkil olunub.