Azərbaycan Üzgüçülük Federasiyasının strategiya və yeniliklərin təqdimatı ilə bağlı konfrans keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) strategiya və digər yeniliklərin təqdimatı ilə bağlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Federasiyanın prezidenti Zaur Əliyev üzgüçülük idman növündə kütləviliyin artırılması üçün yeni layihələrin həyata keçiriləcəyini bildirib. O, paytaxtla yanaşı, regionlarda da yarış və festivalların təşkil edilməsinin əhəmiyyətindən danışıb. Z.Əliyev Azərbaycan üzgüçülərinin beynəlxalq arenadakı nəticələrinin daha da yaxşılaşdırılması üçün işlər görəcəklərini də söyləyib. Milli komandanın heyətində əsasən gənclərin yer aldığını bildirən federasiya rəhbəri həmin idmançıların üzərində çalışacaqlarını diqqətə çatdırıb.
Onun sözlərinə görə, məktəblilər arasında üzmə bacarıqlarının artırılması üçün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə layihələr həyata keçirilir.
Gənclər və idman naziri Fərid Qayıbov ASF-nin 6 ay ərzində yaxşı işlər gördüyünü deyib. Qeyd edib ki, birgə səylər nəticəsində bir çox insan üzməyi öyrənəcək. Nazir üzgüçülüklə məşğul olanların sayının ötən illərə nisbətən iki dəfə artdığını vurğulayıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov üzgüçülüyün dünyada ən populyar, insan sağlamlığına müsbət təsir göstərən idman növü olduğunu söyləyib. O, kütləviliyi təmin etmək məqsədilə məktəblərdə hozuvların tikilməsinin vacib olduğunu deyib.
Federasiyanın baş katibi Oqtay Atayev ASF-nin strateji məqsəd və prioritetlərini təqdim edib. Baş katib kütləviliyin artırılması üçün sosial şəbəkələrdə təmsil olunmağın önəmini vurğulayıb. Onun sözlərinə görə, əsas hədəflər ölkə üzrə 6-10 yaşlı uşaqların ilkin üzgüçülük kursundan keçməsini təmin etmək, əhalinin müxtəlif təbəqələrinin üzgüçülük və digər su idman növləri ilə müntəzəm məşğul olmasını təmin edəcək dayanıqlı sistem yaratmaqdır. O.Atayev şəffaf seçimlər, təlim-məşq toplanışları və beynəlxalq yarışlarda iştirak yolu ilə rəqabətədavamlı milli komandalar formalaşdırmağın da başlıca məqsədlərdən biri olduğunu bildirib.
Strategiya və yeniliklərin təqdimatından sonra ASF-nin yeni məsləhətçisi Pyer Ləfonten ictimaiyyətə təqdim olunub. O, federasiya ilə birgə yeni uğurlara imza atacaqlarını diqqətə çatdırıb.