AZƏRBAYCAN VƏ BOLQARISTAN PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, martın 10-da Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İLHAM ƏLİYEV qonaqları salamlayaraq dedi:
-Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram, “Xoş gəlmisiniz!”.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər çox uğurlu olacaq və iki ölkə arasında dostluq münasibətləri uğurla davam edəcəkdir.
Biz bu gün Sizinlə təkbətək görüşümüzdə ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə etdik, eyni zamanda, regional məsələlərə toxunduq və bu məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür.
Münasibətlərimizin inkişafı üçün də gözəl şərait var. Çox güclü siyasi əlaqələr, yaranan və möhkəmlənən iqtisadi potensial, humanitar sahədə əməkdaşlığın inkişafı - bütün bu məsələlər çox vacibdir. Şübhə etmirəm ki, səfərinizin nəticəsi olaraq, bu münasibətlər daha da sürətlə inkişaf edəcəkdir.
Bolqarıstan Prezidenti GEORGİ PIRVANOV təşəkkür edərək dedi:
-Hörmətli cənab Prezident,
Hörmətli nümayəndə heyətinin üzvləri!
İlk növbədə, məni ölkənizə dəvət etdiyinizə görə və Sizinlə məsələləri müzakirə etmək imkanı yaratdığnıza görə minnətdarlığımı bildirirəm. Demək olar ki, aramızda aparılan dolğun dialoq bu gün ən yüksək səviyyədədir. Əlbəttə ki, bu dialoq nəinki ikitərəfli maraqlara xidmət edir, eyni zamanda, bir-biri ilə qonşuluqda olan regionlarda yerləşən iki tərəfin dialoqu deməkdir.
Bolqarıstan Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı çox müsbət dəyərləndirir və Azərbaycanı Aİ üçün obyektiv olaraq yaxın tərəfdaş sayır.
X X X
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi davam etdirildi.
######
