Azərbaycan və Hindistanın turizm assosiasiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı, 2 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə Dehli şəhərində Beynəlxalq Turizm Sərgisində (SATTE 2018) iştirak edir. Sərgidə ölkəmizi assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edir.
AZƏRTAC-a AZTA-dan verilən məlumata görə, sərgi çərçivəsində Azərbaycan Turizm Assosiasiyası ilə Hindistanın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İmzalanma mərasimində AZTA-nın sədri Nahid Bağırov çıxış edərək bildirib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına, həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək: “Assosiasiyamız otellər, turizm şirkətləri və aviaşirkətlərdən ibarətdir. Azərbaycanın milli aviaşirkəti olan AZAL-da bizim təşkilatın üzvüdür. Bundan başqa, təxminən 242 turizm şirkəti və 110 otel aktiv üzvlərimizdir. Buna görə də əməkdaşlığımızın uğurlu olacağına ümid edirəm”.
Tədbirdə, həmçinin Razeen Hasanın Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi müzakirə olunub və təsdiqlənib. Görüşün nəticəsi olaraq assosiasiya rəhbərlərinin növbəti görüşünün mayda Bakıda keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Hindistanın Turizm Agentlikləri Assosiasiyası 1951-ci ildə 12 aparıcı turizm şirkəti tərəfindən təsis edilib. Hazırda assosiasiyaya 2500-dən çox üzv daxildir.