Azərbaycan və Litva arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur
Bakı, 12 sentyabr (AZƏRTAC). Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Litvanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas ilə görüşüb.Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan F.Məmmədov Azərbaycan və Litvanın çoxtərəfli formatda, beynəlxalq təşkilatlarda birgə fəaliyyət sahəsində və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində səmərəli əməkdaşlığını yüksək dəyərləndirib.
Səmimi qarşılandığına görə məmnunluğunu ifadə edən V.Lastauskas Litvanın Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini, mövcud əməkdaşlığın genişləndirilməsi üçün diplomatik fəaliyyəti dövründə səylə çalışacağını bildirib.
Daha sonra vergilər naziri F.Məmmədovun həmsədri olduğu Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, komissiyanın bu ilin oktyabrında Şəmkir şəhərində keçiriləcək 4-cü iclasına hazırlığın gedişi müzakirə olunub.
Görüşdə ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, növbəti Azərbaycan-Litva biznes forumunun keçirilməsi ilə bağlı təkliflər, Şəmkir şəhəri ilə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması haqqında Niyyət Protokolunun imzalanması məsələsi nəzərdən keçirilib.