Azərbaycan Voleybol Federasiyasının nümayəndələri Naxçıvana səfər ediblər
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyası uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, bu işlər çərçivəsində yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma və federasiya nümayəndələri Naxçıvana səfər ediblər.
Səfər çərçivəsində ilk olaraq Naxçıvanda təşkil olunan seleksiya məşqi izlənilib. Uşaq və yeniyetmə idmançıların iştirak etdiyi məşqlər zamanı müvafiq kriteriyalara uyğun voleybolçuların qeydiyyatı aparılıb.
Şahin Çatma, həmçinin Naxçıvanda bir neçə orta məktəbdə olub. O, burada uşaqlarla görüşüb, onlara voleybol idman növü ilə bağlı məlumatlar verib, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıb.