Azərbaycan voleybolçusu: Bizə azarkeşlərin dəstəyi və inamı lazımdır
Bakı, 29 sentyabr, AZƏRTAC
2016-cı ildə İtaliyada keçirilən dünya çempionatına milli komandamızın heyətində getmişdim. Sadəcə olaraq həmin vaxt mən oyunları azarkeşlərlə birgə tribunadan izlədim. Amma 4 il sonra mən milli komandanın heyətində ölkəmizi dünya çempionatında təmsil edəcəyəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyada keçiriləcək qadın voleybol komandaları arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova deyib.
Voleybolçu bildirib: “Biz böyük inamla seçmə mərhələdə rəqiblərimizə qalib gələrək dünya çempionatına vəsiqə qazandıq. Artıq böyük yarış başlayır. Bu yarışa gedən yolda deyərdim ki, biz komanda olaraq çox təlim-məşqlər keçirdik və bir neçə yoldaşlıq görüşü oynadıq. Mundialda ilk oyunumuzu son dünya çempionu ABŞ millisinə qarşı keçirəcəyik.
Mənim fikrimcə hər bir voleybolçu meydançaya qələbə üçün çıxır. Biz də əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq. Amma ən əsas bizə azarkeşlərin dəstəyi və inamı lazımdır.
Qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək. Yaponiya bu tədbirə beşinci, son 12 ildə isə üçüncü dəfə ev sahibliyi edəcək. Millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Koreya Respublikası yığmaları ilə bir qrupda mübarizə aparacaq. Millimiz ilk görüşünü sentyabrın 29-da ABŞ yığmasına qarşı keçirəcək.