CÜMHURİYYƏT - 100
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifələrindən biridir VİDEO
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində mühüm yer tutur, onun parlaq və şərəfli səhifəsini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikir Suraxanı rayonu şəhid Dilavər Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbirdə səsləndirilib.
Məktəbin direktoru Məhluqə Əzizova Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və fəaliyyətindən danışıb. O bildirib ki, müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması çox önəmli hadisədir.
Digər çıxış edənlər cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin böyük işlər gördüyünü vurğulayıblar.
Bədii hissə ilə davam edən tədbirdə məktəblilər Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, Vətən, qəhrəmanlıq mövzularında şeirlər söyləyib, mahnılar oxuyub, müxtəlif səhnəciklər göstəriblər.
Tədbir çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgi də nümayiş olunub.