Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürurverici səhifəsidir
Qax, 27 may, Mustafa Dadaşov, AZƏRTAC
Yüz yeddi il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq ideyaları reallaşıb. Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 28 May – Müstəqillik Günü münasibətilə mayın 27-də Qax şəhərində keçirilən tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev çıxış edərək, Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqını müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşüb. Cəmi 23 ay fəaliyyət göstərmiş bu respublika xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.
Rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın “28 May – Müstəqillik Günüdür” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəlində arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Şərqin ilk demokratik respublikasının təməli qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
Məruzə ətrafında çıxışlarda vurğulanıb ki, əsrlər boyu müstəqillik, azadlıq həsrətində olan Azərbaycan xalqının ilk demokratik respublikası çox qısa müddət, cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olub. Cümhuriyyət xalqımızın tarixində böyük izlər qoyub, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. 1991-ci ildə xalqımız yenidən öz istiqlaliyyətinə qovuşub. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil respublikamız qarşıya çıxan bütün maneə və çətinlikləri dəf edərək, bugünkü yüksək inkişaf səviyyəsinə çatıb. Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya dövlətləri içərisində öz layiqli yerini tutub.
Məruzə və çıxışlarda, həmçinin 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb. Çıxış edənlər şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazdığını vurğulayıblar.