SİYASƏT
Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri görüşüblər
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Xorvatiya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etməkdə olduğunu söyləyib. Bildirib ki, bu günə qədər Azərbaycan ilə Xorvatiya arasında 20-dən çox sənəd imzalanıb. O, ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə dair imzalanmış Zaqreb Bəyannaməsini xüsusi vurğulayıb.
Könül Nurullayeva qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolunu vurğulayaraq parlament dostluq qruplarının fəaliyyətinin bu istiqamətdə verə biləcəyi töhfələrdən bəhs edib.
Görüşdə çıxış edən Xorvatiya parlamentinin sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Davorko Vidoviç ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə toxunub, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün görülə biləcək işlərdən bəhs edib.
Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Rauf Əliyev, Vahid Əhmədov, İltizam Yusifov çıxış edərək, iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.
Sonra söhbət qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.