AZƏRBAYCAN-YUNANISTAN BİZNES FORUMU
Bakı, 19 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, fevralın 17-də Afinada “İşgüzar əməkdaşlığın imkanları” mövzusunda Azərbaycan-Yunanıstan biznes forumu keçirilmişdir.
Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzundan, Azərbaycan-Yunanıstan əməkdaşlığının inkişafından narahatlıqlarını gizlədə bilməyən Afinadakı bir qrup erməni forumun keçirildiyi binanın qarşısında ucuz şou yaratdılar. Lakin 5-10 erməninin bu hərəkəti, təbii ki, küçədən keçən insanların diqqətini cəlb etmədi.
Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas, bu ölkənin Baş naziri Kostas Karamanlis biznes forumun açılışında iştirak etmişlər.
Azərbaycanda İnvestisiyaların İxracı və Təşviqi Fondunun və Afina Ticarət və Sənaye Palatasının birgə təşkil etdiyi görüşü palatanın prezidenti Konstantinos Mixalos açaraq dedi ki, biznes forumda Yunanıstanın 100-dək, Azərbaycanın isə 20-yə yaxın şirkəti təmsil olunmuşdur. Əminik ki, forum iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.
Forumun açılışında dövlət başçıları, Yunanıstanın Baş naziri çıxış etdilər.