İQTİSADİYYAT
AZƏRBAYCANA YÜKSƏK ETİMAD GÖSTƏRİLİR
Dekabrın 9-11-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında “Kiçik və orta sahibkarlığın inkişafı” mövzusunda iclas keçirilmişdir. MDB məkanından yalnız Azərbaycan və Qazaxıstan bu beynəlxalq qurumun iclasına dəvət edilmişdi.
Tədbirdə ölkəmizi təmsil etmiş İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Elşad Xanəlibəyli AZƏRTAC-ın müxbirinə demişdir ki, o, öz çıxışında Azərbaycanda aparılan islahatlardan, iqtisadi sahədə qazanılan uğurlardan danışaraq, respublikamızın Prezidenti Heydər Əliyevin kiçik və orta sahibkarlığın inkişafına ciddi diqqət və qayğı göstərdiyini xüsusi vurğulamış, çapdan çıxmış “Heydər Əliyev: Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı” toplusu haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
E.Xanəlibəyli kiçik və orta sahibkarlığın inkişafına kömək məqsədi ilə Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, digər təşkilatların nümayəndələrinin tez-tez səfər etmələrini yüksək qiymətləndirmişdir. İnkişaf etmiş ölkələrdəki həmkarlarının iş təcrübəsi ilə yaxından tanış olmaları və bunu öyrənmələri üçün inkişaf etməkdə olan ölkələrin kiçik və orta sahibkarlarının işgüzar səfərlərinin təşkil edilməsi, bu səfərlərin həmin qurumlar tərəfindən maliyyələşdirilməsi barədə Azərbaycan nümayəndəsinin təklifləri iclasın qərarında öz əksini tapmışdır.
Respublikamızın təmsilçisi öz çıxışında ölkəmizin iqtisadi nailiyyətləri ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsindən, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən, bir milyondan artıq qaçqın və məcburi köçkünün əksəriyyətinin çadırlarda ağır şəraitdə yaşadıqlarını xüsusi vurğulamışdır. İclasa sədrlik etmiş Kanada nümayəndəsi ölkəmizin doğru yolda olduğunu, iqtisadi qüdrətinin yüksəldiyini, 2003-cü ilin sentyabrında Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv qəbul olunacağını bildirmişdir. Bu, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə yüksək etimad göstərdiyini sübut edir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris