AZƏRBAYCANDA BÖYÜK BRİTANİYA HÖKUMƏTİNİN “İDMANIN İNKİŞAFI ÜZRƏ BEYNƏLXALQ TƏŞƏBBÜS” PROQRAMI HƏYATA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 1-də Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Böyük Britaniyanın İdman Şurası arasında “İdmanın inkişafı üzrə beynəlxalq təşəbbüs” layihəsinin həyata keçirilməsi məqsədi ilə əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, Böyük Britaniyanın İdman Şurası və YUNİSEF-in Uşaq Fondu ilə birilikdə bu layihə üzərində uzun müdətdir müzakirələr aparılır. Layihə Londonun 2012-ci il Yay Olimpiya Oyunları çərçivəsində keçirdiyi təbliğat kampaniyası ilə bağlıdır. Hələ 2012-ci il Olimpiya Oyunlarına “ev sahibliyi” hüququnu qazanmamışdan əvvəl, Böyük Britaniya hökuməti ölkədə idmanın inkişafı üzrə dünyanın müxtəlif bölgələrində pilot layihələr həyata keçirəcəyini və bütün dünyada idmanın sürəkli inkişafına təkan verəcəyini vəd etmişdi.
Layihəni əhalisinin böyük əksəriyyətini gənclər təşkil edən Azərbaycan, Hindistan, Zambiya, Braziliyada və Sakit okeanda ada-dövlət Palauda reallaşdırmaq qərara alınmışdır.
Layihə Azərbaycan Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Böyük Britaniya İdman Şurası, British Counsil və YUNİSEF-in Uşaq Fondu ilə birlikdə həyata keçirilir.
Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerolin Braun demişdir ki, bu layihə ilə biz Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın inkişafına töhfə vermiş oluruq. Memorandum Azərbaycan ilə Böyük Britaniya arasında inkişaf edən əməkdaşlığın göstəricisidir. Mən Azərbaycan Prezidenti İlham Əliyevin idmanın inkişafında gördüyü işləri alqışlayıram. Ümid edirəm ki, birlikdə gənclərin həyatının idman vasitəsilə zənginləşməsinə yardım edəcəyik.
Tədbirdə çıxış edən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer, layihənin Azərbaycan üzrə rəhbəri Mehman Kərimov bu proqramın əhəmiyyətini vurğulayaraq, layihə çərçivəsində ölkəmizdə bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirmişlər. 2010-cu ilə qədər davam edəcək bu proqram Azərbaycanda gənc nəslin sağlam böyüməsində mühüm rol oynayacaqdır. Proqramın büdcəsi 1 milyon 459 min 300 funt sterlinqdir.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində idman turnirləri, treninqlər təşkil olunacaq, ustad futbolçular aztəminatlı ailələrin uşaqları üçün dərslər keçəcək, mütəxəssislər və idmançılar təcrübələrini artırmaq üçün Böyük Britaniyada ixtisasartırma kurlsarında iştirak edəcəklər.
Memorandum imzalandıqdan sonra jurnalistlər üçün brifinq keçirilmişdir.