“Azərbaycanda demokratik institutların formalaşması və fundamental dəyərlər” mövzusu müzakirə olunmuşdur
Bakı, 6 noyabr (AZƏRTAC).“İnternyus Azərbaycan” İctimai Birliyi və BMT-nin Demokratiya Fondunun təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda demokratik institutların formalaşması və fundamental dəyərlər” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə dövlət qurumlarının, QHT-lərin və KİV-in nümayəndələri, media üzrə ekspertlər iştirak etmişlər.
“Dəyirmi masa”ya fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi moderatorluq etmişdir.
Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli çıxış edərək, müstəqillik əldə olunandan sonra ölkəmizdə demokratik təsisatların yaradıldığını və böyük inkişaf yolu keçdiyini vurğulamışdır. O, belə institutlardan olan Ombudsman təsisatının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, insan hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın KİV-lə əməkdaşlıq istiqamətində gördüyü işlər barədə ətraflı məlumat vermişdir.
Ombudsman Aparatının sözçüsü “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilən müvafiq əlavə və dəyişikliklər nəticəsində Müvəkkilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi funksiyasının həvalə edildiyini vurğulamışdır. Ombudsmanın mandatının genişləndirilməsi, ona verilmiş yeni səlahiyyətlərlə əlaqədar olaraq, təsisatda KİV təmsilçiləri, media hüquqları üzrə tanınmış ekspertlər, informasiya sahibləri olan dövlət qurumlarının nümayəndələri və mətbuat xidmətlərinin rəhbərləri ilə silsilə məsləhətləşmələrin keçirildiyi diqqətə çatdırılmışdır.
Ombudsmanın fəaliyyətinin aşkarlıq prizmasından görünməsində media nümayəndələrinin böyük əməyi qeyd olunmuşdur. Təsisatın informasiya sahibi kimi fəaliyyətinin də səmərəli olduğu, KİV-lə, o cümlədən daha üstün keyfiyyətlərə malik olan çevik, dinamik yeni media strukturları, elektron qəzetlər və xəbər portalları ilə əlaqələrə mühüm yer verildiyi bildirilmişdir. Təsisatda elektron və yazılı medianın inkişafı, jurnalistlərin, o cümlədən hüquq mövzusunda yazan media nümayəndələrinin peşə hazırlığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məsələlərinə diqqətlə yanaşıldığı, maarifləndirici tədbirlərin keçirildiyi, media təmsilçilərinin fikir və mülahizələrinin nəzərə alındığı qeyd olunmuşdur.