Azərbaycanda dövlət dəstəyi ilə ilk aqrar sığorta ödənişi edilib
Göygöl, 29 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində ilk sığorta ödənişi həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sığorta ödənişi Göygöl rayonunun Üçtəpə kəndində fəaliyyət göstərən fermer Bəhruz Mustafaya məxsus heyvandarlıq təsərrüfatına edilib.
Burada sığortalanmış “Simmental” cinsli inək qanqrenozlu mastit səbəbindən məcburi kəsimə sövq edilib. Sığorta hadisəsi ilə bağlı sahibkarın Aqrar Sığorta Fonduna müraciətindən sonra müstəqil aqrar sığorta ekspertləri hadisəni araşdırıb və Fondun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib.
Müvafiq prosedurlardan sonra 3019 manat sığorta ödənişi fermer Bəhruz Mustafanın bank hesabına köçürülüb. Bundan başqa, təsərrüfatın sahibi məcburi kəsimə verilən inəyin istifadəyə yararlı ətinin satışından da gəlir əldə edib.
Qeyd edək ki, fermer Bəhruz Mustafaya məxsus təsərrüfatda 70 baş mal-qara dövlət dəstəyi ilə güzəştli aqrar sığorta çərçivəsində sığortalanıb.