Azərbaycanda dövlət qadın siyasəti uğurla reallaşır
Xırdalan, 9 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Abşeron rayon qadınlarının konfransı keçirilib. YAP Abşeron rayon təşkilatının, qeyri-hökumət təşkilatlarının və rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında fəallığı ilə seçilən qadınların, şəhid ailələrinin xanım üzvlərinin, tələbə və könüllülərin iştirak etdikləri konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzülüb, xatirəsi ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova və Milli Məclisin deputatı Jalə Əhmədova çıxışlarında Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət qadın siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.
Digər çıxış edənlər ölkədə uğurla reallaşdırılan dövlət qadın siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan danışıblar və buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda keçən dövr ərzində görülmüş işlər, əldə olunan nailiyyətlər, qadınların qarşısında duran vəzifələr haqqında da geniş məlumat verilib.
Konfransda müvafiq sorğular vasitəsilə qadınların inkişaf, fəaliyyət və iştirak hüquqlarının təmin edilməsində rayonda müşahidə edilən problemlər və onların həlli istiqamətində təkliflərin toplanması həyata keçirilib.
Yekunda Azərbaycan Qadınlarının VI Qurultayına Abşeron rayonunu təmsil edəcək qadınlar seçilib, konfransın qərarı qəbul edilib.