Azərbaycanda Dünya Turizm Günü geniş qeyd ediləcəkdir
Bakı, 24 sentyabr (AZƏRTAC). Azərbaycanda 27 sentyabr - Dünya Turizm Günü geniş qeyd olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə sentyabrın 27-də “Fairmont Baku” mehmanxanasında aidiyyəti dövlət qurumlarının, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə Dünya Turizm Gününə həsr olunmuş konfransın və müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulmuşdur.
Konfransın proqramına uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin açılış nitqindən sonra nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev tərəfindən turizm sahəsində görülmüş işlərə dair arayış təqdim olunacaqdır. Eyni zamanda, son 10 ildə ölkədə turizmə göstərilən dövlət qayğısından bəhs edən “Azerbaijan review” jurnalının təqdimatı, Avropa İttifaqının “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsinin “Nailiyyətlər və perspektivlər” mövzusunda təqdimatı keçiriləcəkdir.
Bütün bunlardan əlavə, bu sahədə fərqlənənlərə “Fəxri turizm işçisi” döş nişanı və fəxri fərmanlar, həmçinin Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən həyata keçirilən “IV milli turizm” layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim ediləcəkdir.
Dünya Turizm Günü münasibətilə sentyabrın 27-də saat 10:00-dan Mədəniyyət və Turizm Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (“Açıq qapı”) elan olunacaqdır.