Azərbaycanda ekologiya ilə bağlı platforma yaradılmışdır
Bakı, 19 aprel (AZƏRTAC). Aprelin 19-da Media Mərkəzində Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində Azərbaycan Tələbələr Birliyi (ATB) və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı və ekoloji fəaliyyətlə məşğul olan QHT-lərin iştirakı ilə yaradılmış işçi qrupun birinci iclası keçirilmişdir.
ATB-nin sədri Vüqar Rüstəmli ətraf mühitin mühafizəsi üçün Avropa Komissiyasının könüllüləri tərəfindən irəli sürülən Azərbaycanda ekoloji şəbəkə yaratmaq təşəbbüsündən danışmışdır.
AZƏRTAC xəbər verir ki, QHT, dövlət qurumları, şirkətlər və beynəlxalq təşkilatların nümayəndələrindən, fərdi şəxslərdən ibarət vahid platforma yaratmaq məqsədi ilə keçirilən tədbirdə rumıniyalı könüllü Cecila Popa 3 ayda görülmüş işlər haqqında məlumat vermişdir. Bildirmişdir ki, 30-dan çox qurumla görüşlər təşkil olunub, ekologiya ilə bağlı yeniliklər, elanlar, təcrübə və iş imkanları barədə platforma yaradılıb və bura tərəfdaşlar cəlb edilibdir. QHT-lərin güclü və zəif tərəfləri, problemləri araşdırılmışdır. Məlum olmuşdur ki , 14 QHT təhsil və maarifləndirmə ilə, 10-u isə araşdırma və monitorinqlə məşğuldur.
Təbiətin qorunması, iqlim dəyişikliyi riskinin azaldılması ilə bağlı müzakirələr aparılmış və suallar cavablandırılmışdır.