AZƏRBAYCANDA GÜCLÜ SƏNAYE KOMPLEKSİ YARADILACAQDIR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinə həsr olunmuş konfransda bu fikri səsləndirmiş və demişdir ki, bunu etmək üçün bütün şərtlər, ilk növbədə, dövlətin düşünülmüş iqtisadi inkişaf konsepsiyası, proqramı, həmçinin siyasi iradə, cəmiyyətdə fikir birliyi vardır. Azərbaycandakı ictimai-siyasi vəziyyət bütün sahələrdə islahatları keçirmək üçün çox müsbətdir.
Azərbaycanda güclü sahibkarlar sinfinin yarandığını da söyləyən Prezident vurğulamışdır ki, son iki ildə ölkədə sahibkarlıqla məşğul olanların sayı xeyli dərəcədə artmışdır. Onlara kömək üçün dövlət büdcəsindən güzəştli şərtlərlə kreditlər ayrılır və bunların həcmi ildən-ilə artır. Bu il sahibkarlara təxminən 100 milyon ABŞ dolları məbləğində kredit veriləcək və onun müqabilində yeni iş yerləri, müəssisələr, fabriklər və s. yaradılacaqdır.