AZƏRBAYCANDA İLK MƏNZİL SERTİFİKATLARI DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR
Mənzil sertifikatı fiziki və hüquqi şəxslər arasında yerləşdirilən qiymətli kağız növüdür. Həmin kağızlar yalnız respublika ərazisində tikinti aparmaq hüququ olan şirkətlər tərəfindən buraxıla bilər. Mənzil sertifikatını buraxmaqla həmin şirkətlər bu kağızların sahibləri qarşısında öz üzərlərinə öhdəliklər götürürlər. Həmin kağızlar daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququnun qeydiyyatdan keçirilməsi üçün əsasdır. Bu isə mənzil sertifikatlarının sahibləri üçün indiyədək tikinti sahəsində mövcud olmayan mülkiyyət hüquqlarının sənədləşdirilmiş zəmanəti kimi çıxış edir.
Yeni maliyyə aləti olan mənzil sertifikatları tikinti şirkətlərinə imkan verir ki, əhali arasında onları yerləşdirməklə pul vəsaiti cəlb etsinlər, bununla da yeni binaların tikintisinə başlamaq, mövcud binaları bərpa etmək, yarımçıq binaların tikintisini başa çatdırmaq imkanlarını genişləndirsinlər.
Əhali üçün mənzil sertifikatlarının əlverişliliyi ondadır ki, mənzilini satmaq yaxud bağışlamaq işləyən şəxs alqı-satqı üzrə çoxpilləli prosedurlardan keçmədən yalnız sertifikatın üzərində adını dəyişməklə onu digər şəxsin mülkiyyətinə keçirə bilər.
Beləliklə, mənzil sertifikatları respublikanın qiymətli kağızlar bazarının inkişafına və bu bazara əhalinin daha geniş cəlb olunmasına xidmət edir.