REGİONLAR
Azərbaycanda kənd təsərrüfatı kooperativlərinin yaradılması məhsuldarlığı artıracaq, yeni iş yerləri açılacaq
Kooperativləşmədə fəal iştirak edənlərə subsidiyaların
verilməsində müəyyən güzəştlər tətbiq edilə bilər
Bakı, 15 dekabr (AZƏRTAC). Son illərdə Azərbaycanın kənd təsərrüfatı sürətlə inkişaf edir. Kənd təsərrüfatı istehsalını daha da artırmaq, əhalinin rifahını yüksəltmək üçün bir çox tədbirlər görülməlidir və dövlət proqramlarında bu məsələlər öz əksini tapmışdır.
Ölkədə pay torpaqlarının birləşdirilməsi və bundan iri təsərrüfatların yaradılması vacibdir. Kiçik həcmli torpaqlarda məhsuldarlığı yüksəltmək baha başa gəlir və bu da əlverişli sayıla bilməz. Respublika üzrə kooperativlərin yaradılması kənd təsərrüfatının inkişafını daha da sürətləndirəcək, məhsuldarlığın səviyyəsini yüksəldəcək, yeni iş yerləri açılacaq, kənddən şəhərə insan axınının qarşısını alacaqdır.
Bu sözləri, Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsulları istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev AZƏRTAC-a müsahibəsində bildirmişdir.
S.Vəliyev demişdir: “Birləşmələr ayrı-ayrı formalarda və yaxud qarışıq ola bilər. Bir çox ölkələrdə bu sahə üzrə təcrübələri öyrənmişik. Kooperativlərin inkişaf etdiyi xarici ölkələrdə məhsulun istehsalı, emalı, satışı, tədarükü elə nizamlanmışdır ki, heç bir məhsul itkisinə yol verilmir. Respublikamızda kartof, meyvə, tərəvəz, bostan bitkilərinin istehsalı tələbatdan 1,8 dəfə artıqdır. Yerlərdə fermerlər istehsal etdikləri məhsulların satışında bir çox çətinliklərlə üzləşirlər. Kooperativlərin yaradılması bütün bu problemləri həll edəcəkdir”.
Kadr məsələlərinə toxunan nazirliyin nümayəndəsi diqqətə çatdırmışdır ki, hazırda aqrar sahə üzrə kifayət qədər baytar həkim, aqronom və s. hazırlanır.
S.Vəliyev əlavə etmişdir ki, ölkədə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul edildikdən sonra kooperativləşmədə fəal iştirak edənlərə subsidiyaların verilməsində müəyyən güzəştlər tətbiq edilməsi barədə məsələ qaldırılacaqdır.
Tədarük-satış bazalarından danışan şöbə müdiri demişdir: “Azərbaycanda kənd təsərrüfatı məhsullarının həm daxildə, həm də xaricdə satışını təşkil etmək üçün mütləq yerlərdə tədarük-satış bazaları yaradılmalıdır. Hər bir rayonda yaradılacaq tədarük-satış bazaları imkan verəcək ki, fermerlərin məhsul istehsalına marağı artsın. Bazaların yaradılması həm də bazar rəqabətinin gücləndirilməsi üçün stimul ola bilər”.
Mütəxəssisin fikrincə, bazalar kredit kooperativləri hesabına yaradıla bilər. Eyni zamanda, götürülən kreditlər müxtəlif kənd təsərrüfatı texnikasının, avadanlıq və qurğularının alınmasına şərait yarada bilər. Bu da kənd təsərrüfatı sahəsində mövcud problemləri həll etməyə kifayət edər.
Nazirliyin nümayəndəsi hesab edir ki, tədarük-satış bazalarının yaradılması süni bahalaşmanın da qarşısını ala bilər.
S.Vəliyev onu da qeyd etmişdir ki, kooperativ sisteminin yaradılması ilə əlaqədar yerlərdə əhali arasında maarifləndirmə işləri aparılacaqdır.