ELM VƏ TƏHSİL
Azərbaycanda M.V.Lomonosov adına Şimal (Arktika) Federal Universitetinin təhsil xidmətlərinin təqdimatı olmuşdur
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycanda Rusiyanın şimal-qərbində əsas elmi-təhsil mərkəzlərindən biri olan M.V.Lomonosov adına Şimal (Arktika) Federal Universitetinin (Arxangelsk şəhəri) təhsil xidmətlərinin təqdimatı olmuşdur.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin başçısı Valentin Denisovun M.V.Lomonosov adına Şimal (Arktika) Federal Universitetinin (ŞAFU) Beynəlxalq əməkdaşlığın inkişafı idarəsinin nümayəndələri ilə görüşü olmuşdur.
Görüşdə ŞAFU ilə “Rossotrudniçestvo” Agentliyi arasında saziş çərçivəsində əməkdaşlığın perspektivləri və Azərbaycan Respublikasında rus dilinin, mədəniyyətinin dəstəklənməsi, Rusiya təhsilinin inkişafı sahəsində qarşılıqlı fəaliyyət planı müzakirə edilmişdir.
Tədbir çərçivəsində Azərbaycanın təhsil müəssisələri bazasında ŞAFU-nun 19 institutunun bakalavriat və magistratura proqramlarının təqdimatı olmuşdur. Bakı şəhərindəki 229, 91 və 27 nömrəli məktəblərin yuxarı sinif şagirdləri texniki, təbii-elmi, iqtisadi və sosial-humanitar hazırlıq istiqamətləri üzrə onları maraqlandıran proqramlar, Azərbaycandan olan tələbələr üçün təqaüdlər və Rusiya Federasiyası büdcəsinin vəsaiti hesabına təhsil imkanları və ŞAFU-ya qəbul qaydası barədə daha ətraflı məlumat ala bilmişlər.
Gələcək abituriyentlər 2014-cü ilin yazında ŞAFU-ya səyyar qəbul kampaniyası çərçivəsində test imtahanında iştirak etmək üçün onlayn-anketi doldurmaq imkanı əldə etmişlər.