Azərbaycanda ölüm hallarının 60 faizi ürək-damar xəstəlikləri səbəbindəndir
Bakı, 20 aprel, AZƏRTAC
Hazırda dünyada ölüm hallarının ilkin səbəbi ürək-damar problemləridir. Bununla bağlı ölkəmizdə də vəziyyət eynidir. Statistikaya görə, Azərbaycanda ölüm hallarının 60 faizi ürək-damar xəstəlikləri səbəbindəndir.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransında Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun sədri Üzeyir Rəhimov deyib.
Ü.Rəhimov qeyd edib ki, bəzi hallarda səbəbi bilinməyən ölüm hallarını ürək-damar problemləri ilə əlaqələndirirlər. Qan təzyiqi, şəkərli diabet, xolesterin ürək xəstəliyini yaradan amillərdir. 2009-2019-cu illər arasında dərman sektorunun inkişafına baxmayaraq, qan təzyiqi 15 faiz, şəkərli diabet 40 faiz, xolesterin yüksəkliyi problemi 15 faiz artıb. Ürək-damar xəstəliklərinin yaranma amillərindəki yüksək göstəricilər həmin xəstəliyə rast gəlmə tezliyini də artırır. Azərbaycandakı yüksək qan təzyiqi xəstələrinin 60 faizi öz təzyiqlərini ölçmür və onlar təzyiqlərinin yüksək olmasından xəbərdar deyil. Yüksək qan təzyiqi, adətən, özünü hiss etdirmir. Məhz buna görə də o, səssiz xəstəlik adlanır. İnsanlara öz təzyiqlərini tez-tez ölçmələri məsləhət görülür. Onlar təzyiqə qarşı preparatlar qəbul etməklə, eyni zamanda, ürək-damar xəstəliklərindən də qoruna bilərlər. Dərmanlar davamlı və mütəmadi qəbul edilməlidir. Hazırda qan təzyiqi sadəcə 50 yaş üstü insanlarda deyil, 20 yaşlı gənclərin hər 10 nəfərdən 2-də müşahidə edilir. Son dövrlərdə hərəkətsiz cəmiyyətin formalaşması, piylənmənin artması, stres qan təzyiqinin artma səbəblərindəndir.
Yay aylarında, adətən, iştaha azalır, maye qəbulu artır. Bu səbəbdən təzyiq stabilləşir. Qan təzyiqi xəstələrinin yağ istehlakı zamanı bitki və zeytun yağlarına üstünlük vermələri tövsiyə edilir.