AZƏRBAYCANDA RUSİYA KİNOSU GÜNLƏRİ AÇILMIŞDIR
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev qonaqları səmimi salamlayaraq bildirmişdir ki, Rusiya Kinosu günləri fevralın 21-də təntənəli surətdə açılacaq Azərbaycanda Rusiya İli çərçivəsində keçirilir. Bakı tamaşaçıları Rusiya kinosunun son illər çəkilmiş ən yaxşı filmləri ilə tanış olacaqlar. Kinematoqrafçılar arasında əlaqələr mədəniyyətlərimizin daha da yaxınlaşmasına kömək edəcəkdir.
Rusiya Federal Mədəniyyət və Kinematoqrafiya Agentliyinin direktoru Mixail Şvıdkoy Azərbaycanın yeni mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə ilk rəsmi görüşünün kinematoqrafa həsr olunmuş tədbirdə keçməsindən məmnunluq ifadə etmişdir.
M.Şvıdkoy vurğulamışdır ki, Azərbaycan kinematoqrafının ənənələri həm sovet dövründə, həm də indi postsovet məkanı üçün, Rusiya kinematoqrafçıları üçün son dərəcə vacibdir. O demişdir ki, hazırda Azərbaycan müəllifləri - rejissorlar, ssenariçilər, ədiblər Rusiyanın çəkiliş və televiziya meydanlarında geniş təmsil olunurlar. Zənnimcə, bu, bizim üçün çox mühümdür.
Sonra qonaq Rusiya kinematoqrafının inkişafından danışaraq demişdir ki, Rusiya kinosunun 1990-cı illərin ortalarında keçirdiyi sarsıntı arxada qalmışdır. Rusiya kinematoqrafı bu gün yüksəliş mərhələsindədir. Ötən il biz film istehsalına görə Avropada fransızlardan sonra ikinci yeri tutmuşuq. Düşünürəm ki, bu gün Rusiya bazarı Azərbaycan kinematoqrafçıları üçün də cəlbedicidir. Rusiya kinematoqrafçıları Bakıya müxtəlif filmlər gətirmişlər.
Birinci gün Bakı tamaşaçılarına rejissor Fyodor Bondarçukun “9-cu rota” filmi təqdim edilmişdir. Kino günləri çərçivəsində Vladimir Dolinski və Yevgeni Ginsburqun “Anna” və qazax rejissoru Hüseyn Erkenovun “Mən sənə məftunam” filmləri göstəriləcəkdir.