MƏDƏNİYYƏT
Azərbaycanda Rusiya Kinosu Günləri başa çatıb
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 5-8 tarixlərində Bakıda Rusiya Kinosu Günləri keçirilib. Festival “Nizami” Kino Mərkəzində rejissor Konstantin Buslovun “1941. Berlin üzərində qanadlar” adlı filminin nümayişi ilə başa çatıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, filmin nümayişindən əvvəl Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov tədbirə toplaşanları salamlayıblar. Layihənin prodüseri, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Yelena Lebedeva rusiyalı artist və prodüserlərdən ibarət nümayəndə heyətini təqdim edib.
Film nümayiş etdirildikdən sonra teatr və kino artisti, “Dram sənəti məktəbi” teatrının aktyoru Andrey Xarenko ekran əsərinin yaradılması barədə söhbət açıb.
Tədbirdə Rusiya səfirliyinin, bir sıra ölkələrin diplomatik korpusunun, biznes dairələrinin, təhsil müəssisələrinin nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, rusiyalı həmvətənlər iştirak ediblər.
Azərbaycanda Rusiya Kinosu Günlərinin təşkilatçısı “ELS prodakşn” prodüser mərkəzi olub. Azərbaycanda Rusiya Günlərinin keçirilməsi ideyasını Rusiya Prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, RF Xarici İşlər Nazirliyi, Rusiya Sülh Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus Evi, Bank VTB (Azərbaycan), “Savalan - ASPI Winery” şirkəti, “Hyatt Regency Baku”, Natalya Naftaliyevanın Moda evi dəstəkləyib.