Azərbaycanda “Xəzər günü” bir sıra tədbirlərlə qeyd olunub
Bakı, 13 avqust, AZƏRTAC
“Xəzər günü” ilə əlaqədar Xəzər dənizinin problemlərinə və mühafizəsinə dair ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən müxtəlif tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatları və özəl sektorun nümayəndələrinin iştirakı ilə ETSN-də keçirilən görüşdə Xəzərin ekoloji problemləri və görülən işlər təhlil edilib, eyni zamanda, ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizminin müzakirəsi aparılıb.
Nazirlikdə keçirilən digər bir maarifləndirici tədbirdə isə gənclərə və yeniyetmələrə Xəzər dənizinin ətraf mühitinin qorunması haqqında məlumat verilib, görülmüş işlərə dair film nümayiş etdirilib, viktorina və rəsm müsabiqəsi keçirilib. Sonra yeniyetmələr və gənclər Xəzər dənizinin ətraf mühitinin mühafizəsi məqsədi ilə yaradılmış “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olublar.
Bundan başqa, Novxanı çimərliyinin sahilboyu zonasında ETSN tərəfindən ictimaiyyət nümayəndələri və yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyası keçirilib. Aksiya zamanı 2 hektar ərazi tullantılardan təmizlənib. Təmizlik aksiyaları, həmçinin regionlarda, eləcə də ictimaiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Xəzərin sahil zolağı ərazilərində də təşkil olunub.
Tədbirlər insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq məqsədilə keçirilib.