Azərbaycanı kibertəhlükəsizlik üzrə bacarıq yarışlarında təmsil edəcək namizədlərin seçim turu yekunlaşıb
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə “WorldSkills Azerbaijan” platforması tərəfindən ölkəmizi kibertəhlükəsizlik istiqaməti üzrə “WorldSkills Asia 2021” bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim turu keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində keçirilən yarışa onlayn qaydada qeydiyyatdan keçmiş 30 iştirakçı qatılıb. Ümumilikdə iki hissədən ibarət olan seçim mərhələsi 4 saat davam edib və namizədlər 3 istiqamət üzrə tapşırıqları həll ediblər. Yarış ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Yarış zalına daxil olan hər bir iştirakçının hərarəti ölçülüb, iştirakçılar tibbi maska ilə təmin ediliblər.
Seçim mərhələsində ən yaxşı nəticə göstərən namizəd iyulun 28-31-də ”WorldSkills Asia” tərəfindən təşkil ediləcək kibertəhlükəsizlik yarışında Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Onlayn formatda təşkil ediləcək yarışlara 26 müxtəlif ölkə təmsilçilərinin qatılması nəzərdə tutulur.
Tədbir çərçivəsində, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov media nümayəndələrinə seçim turu haqqında məlumat verib və sualları cavablandırıb.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.