Azərbaycanın Aİ yanında nümayəndəliyinin rəhbəri etimadnaməsini Avropa İttifaqı Şurasının prezidentinə təqdim edib
Brüssel, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında nümayəndəliyinin rəhbəri səfir Vaqif Sadıqov etimadnaməsini Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə təqdim etdi.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Şarl Mişel səfiri vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona Azərbaycan ilə Aİ arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.
Səfir Vaqif Sadıqov Şarl Mişelə Prezident İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. Avropa İttifaqı Şurasının Prezidentinin ötən ilin iyulunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional məsələlər üzrə dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə “Şərq tərəfdaşlığı”nın 2020-ci ildən sonrakı prioritetləri, İqtisadi və Sərmayə Planının icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfir qarşıdan gələn “Şərq tərəfdaşlığı” sammitindən Azərbaycanın gözləntiləri barədə Aİ Şurasının prezidentinə məlumat verib. Azərbaycan ilə Aİ arasında yeni saziş üzrə danışıqların tezliklə bərpasına ümid etdiyini bildirən V.Sadıqov açıq qalmış məsələlərin qarşılıqlı kompromislər əsasında həlli üçün ölkəmizin güclü siyasi iradəsinin olduğunu vurğulayıb.
Vaqif Sadıqov Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Aİ ilə uğurlu əməkdaşlığı və Azərbaycandan təbii qazın daha geniş Avropa coğrafiyasına çatdırılması potensialını vurğulayıb.
Nümayəndəliyinin rəhbəri prezident Şarl Mişelə regionda müharibə sonrası hadisələr, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə məlumat verib. O, Azərbaycan Prezidentinin bəyanatını xatırladaraq ölkəsinin Aİ-yə etibarlı tərəfdaş kimi baxdığını vurğulayıb. Səfir Aİ-nin regionda sülh quruculuğu səylərini dəstəkləmək istəyini alqışlayıb.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel onun səmimi salamlarını, xoş arzularını və minnətdarlığını Prezident Əliyevə çatdırmağı səfirdən xahiş edib.
Vüqar Seyidov
AZƏRTAC-0-ın xüsusi müxbiri
Brüssel