AZƏRBAYCANIN AVROPA ŞURASI İLƏ ƏMƏKDAŞLIĞI UĞURLA İNKİŞAF EDİR
Qonağı səmimi salamlayan nazir bəşəri dəyərlərə və demokratik prinsiplərə daim sadiq olan ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışaraq, dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminin müasirləşdirilməsi, o cümlədən ən demokratik və şəffaf qaydalar əsasında hakimliyə namizədlərin seçilməsi ilə bağlı görülən konkret işləri diqqətə çatdırmışdır. Nazir ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını qeyd edərək, bu yaxınlarda Strasburqda keçirilmiş Yerli və Regional Hakimiyyətlər Konqresinin ümumi sessiyasında iştirakını və Cənubi Qafqazda yerli və regional demokratiya mövzusunda çıxışını, səfər çərçivəsində Avropa Şurasının baş katibi Terri Devis və digər rəsmi şəxslərlə faydalı görüşlərini məmnunluqla xatırlamışdır.
Xanım Mod de Bur-Bukikkio Azərbaycanda həyata keçirilən demokratik dəyişiklikləri müsbət dəyərləndirərək, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işləri böyük maraqla izlədiyini və ölkəmizdə məhkəmə fəaliyyətinin beynəlxalq standartlara uyğun yeniləşməsinə Avropa Şurasının bundan sonra da hərtərəfli yardım etməyə hazır olduğunu bildirmişdir.
Görüşdə, həmçinin bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin tədrisi, penitensiar sistemdə islahatlar və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılmışdır.
Görüşdən sonra qonaq nazirlikdə Heydər Əliyev və ədliyyə tarixi muzeyləri ilə tanış olmuşdur.