AZƏRBAYCANIN BAŞ KONSULU SAN DİEQODA ÇIXIŞ ETMİŞDİR
Diplomat Azərbaycan–ABŞ münasibətləri, iki ölkə arasında strateji əməkdaşlıq, ölkəmizin Cənubi Qafqazda aparıcı rolu, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Prezident İlham Əliyevin ABŞ-a aprel ayındakı rəsmi səfəri barədə məlumat vermişdir. Bildirmişdir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən beynəlxalq terrorizmə qarşı aparılan mübarizəyə Azərbaycan fəal şəkildə qoşulmuşdur və İraqda, Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinin tərkibində iştirak edir.
E.Süleymanov Cənubi Qafqazda həyata keçirilən regional layihələrdən danışarkən bunların təşəbbüsçüsünün Azərbaycan olduğunu xüsusi vurğulamışdır.
Diplomatın çıxışında Azərbaycanın geostrateji mövqeyi, neft strategiyası və qonşu ölkələrlə münasibətləri xüsusi maraq doğurmuş, əksər suallar Azərbaycanın İran və Rusiya ilə münasibətlərinə, ölkəmizin İranın nüvə proqramı ilə bağlı mövqeyinə dair olmuşdur.
Xatırladaq ki, “San Diego World Affairs Council” ABŞ-ın bütün ştatlarında yerləşən “World Affairs Council” mərkəzlərindən biridir. Onların təşkil etdikləri görüşlərdə dünyada baş verən siyasi proseslər işıqlandırılır və bu proseslərə dair geniş fikir mübadiləsi aparılır. “World Affairs Council” mərkəzlərinin üzvləri beynəlxalq münasibətlərə xüsusi maraq göstərən ziyalılardan ibarətdir.