AZƏRBAYCANIN BAŞ NAZİRİ QIRĞIZISTANIN MÜDAFİƏ NAZİRİNİ QƏBUL ETMİŞDİR
Hökumətimizin başçısı qonaqları salamlayaraq vurğuladı ki, Azərbaycanla Qırğızıstan arasında münasibətlər yaxşı sürətlə inkişaf edir. 1997-ci ildə Qırğızıstan Prezidenti Əsgər Akayev Azərbaycanda rəsmi səfərdə olmuşdur. İki ölkənin başçıları – Heydər Əliyev və Əsgər Akayev müxtəlif forumlarda tez-tez görüşür, danışıqlar aparırdılar. Bütün bunlar ikitərəfli münasibətlərin inkişafına təkan verirdi.
Artur Rasizadə Azərbaycan müstəqilliyə qovuşduqdan sonra onun iqtisadi inkişafından danışarkən xatırlatdı ki, 1993-cü ildə dövlətçiliyimiz real təhlükəyə məruz qalmışdı. Respublikada vəziyyət yalnız ümummilli lider, Prezident Heydər Əliyev ölkəyə rəhbərliyə gəldikdən sonra və onun səyləri sayəsində sabitləşdi. İqtisadiyyat inkişaf etməyə başladı. İndi Azərbaycan özünün bir çox iqtisadi, sosial məsələlərini həll etmişdir.
Lakin Baş nazirin qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış əsas problem kimi qalmaqdadır. Artur Rasizadə dedi: Ölkəmiz bu problemi Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla sülh yolu ilə həll etmək istəyir. Təəssüf ki, dünyada ikili standartlar mövcuddur, bir çox dövlətlər Ermənistanın təcavüzkar ölkə olduğunu açıqca bəyan etmir ki, bu da problemin ədalətli həllinə maneçilik törədir.
Qırğızıstanın müdafiə naziri, general-polkovnik Esen Topoyev qəbula görə təşəkkür edərək bildirdi ki, iyunun 1-də Bakıda iki ölkənin müdafiə idarələri arasında hərbi əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanmışdır.
O dedi ki, Bakıya hər dəfə gəldikdə şəhərin simasında böyük müsbət dəyişikliklər görür. Bu isə Azərbaycanın iqtisadi yüksəlişdə olduğuna sübutdur.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.