SİYASƏT
Azərbaycanın Dayanıqlılıq Həftəsində təqdimatı postmünaqişə reallıqlarından qaynaqlanan siyasətin tərkib hissəsi idi
![Azərbaycanın Dayanıqlılıq Həftəsində təqdimatı postmünaqişə reallıqlarından qaynaqlanan siyasətin tərkib hissəsi idi](/files/2023/1/1200x630/16739574694161058420_1200x630.jpg)
Bakı, 17 yanvar, AZƏRTAC
Dünya hələ yeni inqilabi konfiqurasiyanın başlanğıcındadır. Bu vəziyyət dövlətlərdən mükəmməl idarəçilik modeli, böhran vəziyyətlərinə çevik reaksiya formatı, siyasi-iqtisadi və hərbi hazırlıq səviyyəsi tələb edir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsində regional və qlobal miqyasda siyasi, iqtisadi və hərbi qüdrətini möhkəmləndirən Azərbaycanın təqdimatını etməsi postmünaqişə dövrünün reallıqlarından qaynaqlanan siyasətin tərkib hissəsi idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Əməkdar jurnalist Yunis Orucov deyib.
Onun sözlərinə görə, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələrdə enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur. Buna təsir edən amillər arasında təbii ki, dünyada enerji məsələsinə münasibətdə dəyişən baxışlar da əhəmiyyətli rol oynayır. Artıq bəşəriyyət ənənəvi enerji mənbələrindən asılılığı azaltmaq və alternativ mənbələrə yönəlmək strategiyasını həyata keçirməyə başlayıb. Bu sahədə isə Azərbaycanın malik olduğu imkanlar daha çox diqqəti cəlb edir. Son vaxtlar ölkəmizin bu istiqamətdə həyata keçirdiyi strategiya gələcək dünyanın arzuladığı reallığı əks etdirir.
“Prezident İlham Əliyevin mərasimdə XIX əsrin yeni trendi olan bərpaolunan enerji ilə bağlı Azərbaycanda görülən işlər barədə detallı məlumat verməsi tədbir iştirakçılarında dolğun təəssürat yaratdı. Nəzərə almalıyıq ki, tədbirin auditoriyasını əsasən körfəz ölkələrindən gələn nümayəndələr təşkil edirdi. Bu mənada Birləşmiş Ərəb Əmirliklərinin timsalında ərəb dövlətləri ilə bu sahədə əlaqələrin gücləndirilməsi Azərbaycan üçün həm də böyük investisiya imkanları açır. Digər tərəfdən dövlətimizin başçısı əməkdaşlığın bu sahəsinə iqtisadi dividend prizmasından baxır və dünya ölkələrini bu sahədə Azərbaycanla əməkdaşlığa dəvət edir. Artıq Azərbaycan öz gələcəyini yaşıl enerji müstəvisində görür. Bu baxımdan ölkəmizin yeni tərəfdaşlıqlara ehtiyacı olacaq. Bu isə Prezident İlham Əliyevin 30 illik münaqişəyə son qoyaraq böyük hərbi-siyasi üstünlük qazanan Azərbaycanın qazanclarını iqtisadi müstəvidə möhkəmləndirmək siyasəti ilə tam uzlaşır, ölkənin və xalqın milli maraqlarını ehtiva edir”, - deyə Yunis Orucov vurğulayıb.