AZƏRBAYCANIN DÖRD BOKSÇUSU FİNAL MƏRHƏLƏSİNƏ VƏSİQƏ QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də Bakıda yeniyetmələr arasında boks üzrə 6-cı dünya çempionatının yarımfinal görüşləri keçirilmişdir.
Gün ərzində 52 boksçu 13 çəki dərəcəsi üzrə mübarizə aparmışdır.
Azərbaycan boksçusu Elvin İsayev (46 kq) İngiltərə idmançısı Martin Yordu, İlkin Ağayev (52 kq) Koreya Respublikasının təmsilçisi Sun Donq- Xyunu, Elvin Əliyev (54 kq) qazaxıstanlı Daniyar Eleusinovu, Heybətulla Hacəliyev (57 kq) isə rumıniyalı Daniel Badulesku böyük xal üstünlüyü ilə məğlub edərək final mərhələsinə vəsiqə qazanmışlar.
Digər idmançılarımız Qismət Eynullayev (60 kq) qazaxıstanlı Jandos Mikanova, Anar Cəfərov (63 kq) rusiyalı Dmitri Kulajenkoya, Rəşad Abdullayev (80 kq) isə puerto-rikolu Keyta Tapia məğlub olmuşlar. İdmançılarımız bununla da çempionatın bürünc medalları ilə kifayətlənmişlər.
Yeniyetmələr arasında boks üzrə 6-cı dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış boksçular - hindistanlı Ymeş Yadav (46 kq), Vikas Yadav (48 kq), Vipin Kumar (50), rumıniyalı Kiprin Aporadese (48 kq), Qeorqe Katalin (50 kq), kubalı Lasaro Estrada (52 kq), Usla Martines (63 kq), Plat Rey (70 kq), amerkalı Frenki Qomes (54 kq), özbəkistanlı Uktamjon Rəhmanov (57), Jalolbek Xabizov (60 kq), Avazbek Akramov (66 kq), ukraynalı Nicat İbrahimov (66 kq), Vladimir Svenko (75 kq), Sergey Smolin (86 kq) gürcüstanlı Roman Tavadze (70 kq), rusiyalı Kureyş Saqov (75 kq), Dimitri Bivol (80 kq) və serbiyalı Zoran Yasarevuç (80 kq) son görüşlərini sentyabrın 8-də keçirəcəklər.