AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDLƏRİ ETİBARLI SURƏTDƏ QORUNUR
Sərhədçilər ötən ay 414,4 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almışlar. Horadiz sərhəd dəstəsinin ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınarkən hadisə yerində 155 qram heroin aşkar edilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılmış Bakı şəhər sakini Əliyev Malik Alı oğlu narkotik maddənin ona məxsusluğunu etiraf etmişdir.
Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozmaqla İrandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılmış Cəlilabad rayonunun Ləkin kənd sakini Əliyev Qəşəm Alı oğlunun üzərində 238,4 qram heroin aşkar edilmişdir.
Ay ərzində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçməyə cəhd edən cinayətkar qruplar tərəfindən iki halda sərhəd naryadlarına qarşı odlu silahdan istifadə etməklə silahlı müqavimət göstərilmiş, hər bir cəhdin qarşısı alınmış və sərhəd pozucuları geri qaçmışlar.
13 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, Azərbaycanın 18, Pakistanın 4, İranın 3, Rusiyanın 1 vətəndaşı sərhəd pozucusu qismində saxlanılmışdır. 32 halda dövlət sərhədini saxta və özgəsinə məxsus sənədlə keçmə cəhdinin qarşısı alınmış, 50 nəfər saxlanılmışdır.
Axtarışda olan 64 nəfər saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilmişdir. Müxtəlif məzmunlu və məqsədli 660 nüsxə qadağan olunmuş kitabın, 521 ədəd audiokasetin, 90 ədəd şəklin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır.
Müvafiq sənədləri olmadığına görə 25 ölkənin 113 nəfər vətəndaşı barəsində tədbirlər görülmüşdür. İranın 30, Türkiyənin 24, Böyük Britaniyanın 6, Hindistanın 6, İsrailin 6, ABŞ-ın 5, Əfqanıstanın 4, Livanın 4, Suriyanın 3, Nigeriyanın 3, Özbəkistanın, Cənubi Afrikanın, Norveçın, Pakistanın, Mərakeşin hərəyə 2 nəfər və digər ölkələrin 9 nəfər vətəndaşı vizaları olmadığına görə saxlanılmışdır. Müxtəlif ölkələrin 7 nəfər vətəndaşı şübhəli şəxs qismində saxlanılmış, 6 əcnəbi arzuolunmaz şəxs kimi ölkəmizin hüdudlarına buraxılmamışdır.
Ay ərzində qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində 8.800 ABŞ dolları, 46.000 qutu müxtəlif markalı tütün məmulatı, 1.600 litr müxtəlif çeşidli spirtli içkilər, 6 adda 20 ədəd əntiq əşya, 2 ton əlvan metal, 550 kiloqram qara metal, 300 litr dizel yanacağı, çoxsaylı müxtəlif məişət və geyim əşyaları, elektrik malları, şirniyyat və qənnadı məmulatı, digər sənaye mallarının sərhəddən qeyri-qanuni keçirilməsinin qarşısı alınmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.