AZƏRBAYCANIN DÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZVLÜYÜ MƏSƏLƏLƏRİ İLƏ ƏLAQƏDAR MÜZAKİRƏLƏR APARILMIŞDIR
İsveçrənin Xarici İşlər üzrə Federal Departamentinin dövlət katibi M.Ambül ilə görüşdə, əsasən ikitərəfli əlaqələrin inkişafı, İsveçrənin Azərbaycanda səfirliyinin açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, ölkələrimizin üzv olduğu BMT-nin İnsan Hüquqları Şurasında birgə fəaliyyət, təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları və digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
M.Məmmədquliyevin İsveçrənin Dünya Ticarət Təşkilatında (DTT) nümayəndəsi, səfir L.Vaseça ilə görüşündə Azərbaycanın DTT-yə üzv olması ilə bağlı vəziyyət, İsveçrənin ölkəmizə əqli mülkiyyət və standartlaşdırma sahələrində texniki yardım göstərməsi, Azərbaycanın ticarət siyasəti ilə məşğul olan mütəxəssislərinin bu ölkədə keçirilən təkmilləşdirmə kurslarında iştirakı məsələləri müzakirə olunmuşdur.
İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin baş direktoru, səfir V.Fust ilə görüşdə qurumun ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulmuş layihələrindən söhbət açılmışdır.
Bundan əlavə, M.Məmmədquliyev Pakistanın, Omanın, Hindistanın, Koreya Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin DTT yanındakı nümayəndəliklərinin rəhbərləri ilə, habelə Avropa İttifaqının diplomatları və DTT katibliyinin üzvolma bölməsinin rəhbəri, həmçinin quruma üzvlüyünə qəbul olunma prosesində olan Rusiya nümayəndəsi ilə fikir mübadiləsi aparmışdır. Görüşlərdə, əsasən iki məsələ ətrafında - DTT üzvlüyünə qəbulu üçün Azərbaycanın təklif etdiyi şərtlərin təşkilat üzvləri tərəfindən qəbul edilməsi və bununla da həmin dövlətlərlə ikitərəfli danışıqların yekunlaşdırılması, ikincisi isə Azərbaycanın DTT üzvlüyünə inkişaf etməkdə olan ölkə statusu ilə qəbulunun dəstəklənməsi olmuşdur.
Görüşlərin nəticəsi olaraq, əmtəələr və xidmətlər üzrə bazara girişlə bağlı Azərbaycanın təklif etdiyi şərtlər Oman tərəfi ilə razılaşdırılmışdır. Tərəflər Azərbaycanın DTT üzvlüyünə qəbulu üzrə işçi qrupunun cari ilin payızında keçirilməsi nəzərdə tutulan beşinci görüşündə müvafiq ikitərəfli protokolu imzalamasını qərara almışdır. Beləliklə, Omanla da ikitərəfli danışıqlar uğurla yekunlaşdırılmışdır. İndiyədək Gürcüstan və Moldova ilə ikitərəfli danışıqlar başa çatdırılmışdır.
Adları çəkilən dövlətlərin nümayəndələri Azərbaycanın DTT-yə inkişaf etməkdə olan ölkə statusu ilə üzv qəbul olunmasını dəstəkləyəcəklərinə söz vermişlər. DTT-də bir sıra əhəmiyyətlı güzəştlər verən bu status qızğın mübahisələrə səbəb olur.
Nazir müavini İsveçrənin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini D. Uornerlə də görüşmüş, Azərbaycan diplomatlarının və mütəxəssislərinin bu institutun təlimlərində iştirakı, habelə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasına yardım və əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Luiz Arbur ilə görüşdə M.Məmmədquliyev, qurumun Azərbaycanın dövlət təşkilatlarına göstərdiyi texniki yardıma görə təşəkkürünü bildirmiş və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin faydalı olacağını vurğulamışdır. Görüşdə əməkdaşlıq məsələləri də müzakirə edilmişdir.
M.Məmmədquliyevin Misir və Paraqvayın DTT yanındakı nümayəndəliklərinin rəhbərləri, ABŞ-ın DTT üzrə diplomatları, habelə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi ilə də ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulmuşdur.