Azərbaycanın İrandakı səfirliyi Ulu Öndərin anım günü ilə əlaqədar xeyriyyə aksiyası keçirib
Tehran, 12 dekabr, AZƏRTAC
Azərbaycanın İrandakı səfirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 14-cü ildönümü ilə əlaqədar xeyriyyə aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, Tehranda fəaliyyət göstərən “Nik Afərinan Qədir” xeyriyyə müəssisəsinin əsas məqsədi əlillərə, ehtiyacı olan şəxslərə və ata-ana qayğısından məhrum olanlara kömək göstərməkdir. Hazırda sözügedən müəssisənin 24 saatlıq iş rejimində çalışan İmam Əli Reabilitasiya Mərkəzində fiziki və əqli cəhətdən qüsurlu olan 220-dən çox qız saxlanılır. Cəmiyyətin ehtiyacı olan təbəqəsindən 200 dayə burada 14 yaşdan yuxarı olan bu qızların qayğısına qalırlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün siyasi fəaliyyəti dövründə insanpərvərlik və humanizm prinsiplərini rəhbər tutmasına, eyni zamanda, Heydər Əliyev Fondunun dünyanın müxtəlif yerlərində ehtiyacı olanlara yardım etməsinə əsaslanaraq, Ulu Öndərin əbədiyyətə qovuşmasının 14-cü ildönümü ilə əlaqədar İmam Əli Reabilitasiya Mərkəzinin rəhbərliyi ilə aparılmış müzakirələrdən sonra orada saxlanılanların bir aylıq dərman, digər tibbi preparat və ləvazimata olan ehtiyacları səfirlik tərəfindən təmin olunub.
Müəssisədə keçirilən görüşdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə həyata keçirdiyi humanitar layihələr haqqında danışılıb.
Azərbaycan səfirliyinin belə humanist addımını alqışlayan müəssisə rəhbərliyi Allahdan mərhum Heydər Əliyevə rəhmət diləyib. Bu savab təşəbbüs barədə yerli KİV vasitəsilə İran ictimaiyyətini məlumatlandıracaqlarını bildiriblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran