Azərbaycanın KİV nümayəndələri Gürcüstanda yaşayan azərbaycanlıların həyat şəraiti ilə tanış olmuşlar
Tbilisi, 27 oktyabr (AZƏRTAC). Azərbaycanın kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşı Gürcüstanda olmuşdur.
“Mətbuat: qeyri-rəsmi” qrupu adı altında birləşmiş 36 nəfər jurnalist əvvəlcə Gürcüstan paytaxtında Azərbaycanın ictimai-siyasi xadimlərinin adları əbədiləşdirilmiş müqəddəs yerləri ziyarət etmişlər. KİV nümayəndələri sonra Marneulidəki azərbaycanlıların Mədəniyyət Mərkəzində yerli ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, ziyalıların nümayəndələri və Gürcüstan parlamentinin azərbaycanlı deputatları ilə görüşmüşlər.
Görüş dialoq şəklində keçmişdir. Jurnalistlər Gürcüstanda yaşayan azərbaycanlıların təhsili, onların məşğulluq problemləri, dövlət strukturlarında təmsil olunmaları, qədim yaşayış məskənlərinin adları, mədəni və tarixi abidələrin vəziyyəti və s. məsələlərlə maraqlanmışlar.
Qrupun rəhbəri Mübariz Aslanov qonşu ölkəyə səfərdə məqsədin burada məskunlaşmış soydaşlarımızın vəziyyəti barədə məlumat toplamaq, mədəniyyət mərkəzləri, diaspor təşkilatları ilə vəhdət yaratmaq olduğunu və gələcəkdə belə görüşlərin təşkil olunacağını bildirmişdir.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov belə görüşlərin tez-tez, həm də təkcə rayon mərkəzlərində deyil, kəndlərdə də təşkil olunmasının əhalini narahat edən problemlərin həll edilməsi sahəsində böyük rol oynaya biləcəyini vurğulamışdır.
Mədəniyyət Mərkəzinin pəhbəri Fazil Həsənov fikir mübadiləsi baxımından bu görüşü müsbət qiymətləndirmiş, Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələrinə aktual məsələlərə belə münasibət göstərdiklərinə görə təşəkkür etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi