MƏDƏNİYYƏT
Azərbaycanın Mərakeş Krallığındakı səfiri ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədovu Rabatda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ICESCO Baş direktorunun Bakıya son səfəri, eləcə də təşkilatla Azərbaycan arasında mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.
ICESCO-nun Baş direktoru Azərbaycan Prezidenti İlham Əliyevə təşkilata göstərdiyi möhkəm dəstəyə görə dərin minnətdarlığını ifadə edib. O, həmçinin oktyabrın 2-də Bakıda olarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da iştirak etdiyi görüşə və səmimi qəbula görə də ölkə Prezidentinə təşəkkürünü bildirib.
ICESCO-nun Baş direktoru səfər zamanı Azərbaycanda yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən xarici işlər naziri, mədəniyyət naziri, təhsil naziri, gənclər və idman naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri, habelə Azərbaycan Kosmik Agentliyi və ADA Universitetinin rəhbərliyi ilə məhsuldar görüşlər keçirdiyini qeyd edib.
Görüşdə həmçinin, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və bu çərçivədə ICESCO-nun əməkdaşlığı ilə keçiriləcək tədbir və fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb.
Səfir Nazim Səmədov öz növbəsində Azərbaycanın Mərakeşdəki səfirliyinin ölkəmizlə təşkilat arasında tərəfdaşlığın möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.