Azərbaycanın milli maraqlara əsaslanan mövqeyi ölkəmizi beynəlxalq arenada söz sahibinə çevirib RƏY
Bakı, 8 iyul, AZƏRTAC
Son ictimai rəy sorğularının nəticələri Azərbaycanda dövlət başçısına olan ictimai münasibətin yüksək səviyyədə olduğunu göstərir. Bu göstəricilər cəmiyyətdə formalaşmış ictimai rəyi əks etdirən mühüm indikatordur. Təbii ki, bu etimad səbəbsiz deyil. Prezident İlham Əliyev uzunmüddətli strateji baxışa əsaslanan siyasət həyata keçirərək, dövlətin və xalqın milli maraqlarını daim ön planda saxlayır. Son illərdə ölkənin qarşılaşdığı mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiə olunması, dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, Prezidentin fəaliyyətində xalqla dövlət arasında qarşılıqlı etimadın qorunmasına xüsusi önəm verilməsi də mühüm faktordur. Dövlətimizin başçısı hər zaman çıxışlarında dövlət siyasətinin əsas dayağının Azərbaycan xalqı olduğunu vurğulayır. Xalqın dəstəyi və ictimai həmrəylik isə həyata keçirilən islahatların və dövlət siyasətinin davamlılığını təmin edən əsas amillərdən biridir. İctimai rəydə diqqət çəkən digər məqamlardan biri Prezident İlham Əliyevin qətiyyətli Lider kimi qəbul edilməsidir. Müxtəlif beynəlxalq platformalarda Azərbaycanın maraqlarını ardıcıl şəkildə müdafiə etməsi, ölkənin mövqeyini prinsipial şəkildə ifadə etməsi Prezidentin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə nüfuzunu artırır. Eyni zamanda, Prezident İlham Əliyevə yüksək etimadın formalaşmasında Azərbaycanın əldə etdiyi böyük Qələbənin xüsusi rolu var. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə sayəsində Azərbaycan müstəqillik tarixinin ən mühüm strateji hədəflərindən birinə nail oldu.
Deputat qeyd edib ki, sorğuda əks olunan yüksək etimad göstəriciləri həm də bu tarixi nəticələrin cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini təsdiqləyir. Ərazi bütövlüyünün və tam suverenliyin bərpası hərbi uğur olmaqla yanaşı, həm də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, dövlətçilik institutlarının güclənməsi və milli həmrəyliyin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli nəticələr doğurub. Bu proses cəmiyyətdə dövlətə inamı artırmaqla yanaşı, ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaradıb. Azərbaycanın iqtisadi inkişafı, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, sosial proqramların genişləndirilməsi də dövlət siyasətinin mühüm nəticələrindəndir. Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi və beynəlxalq münasibətlər sistemində fəal iştirakı da diqqət çəkən istiqamətlərdəndir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, regional əməkdaşlıq və beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı ölkənin qlobal nüfuzunun artmasına töhfə verən əsas amillərdəndir. Azərbaycanın müstəqil xarici siyasət kursu və milli maraqlara əsaslanan mövqeyi beynəlxalq arenada ölkəmizin söz sahibinə çevrilməsini təmin edib.