Azərbaycanın Milli Mətbuat Günü Tbilisidə qeyd olunub
Tbilisi, 22 iyul, AZƏRTAC
Tbilisidəki “Alyans” Gənclər Mərkəzində 22 İyul - Azərbaycanın Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzin sədri Leyla Əmrahova və icraçı direktoru Rəna Hüseynova Azərbaycan milli mətbuatının yaranma tarixindən, onun keçdiyi şərəfli yoldan danışıblar. AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov, Azərbaycan Televiziyasının (AzTV) Gürcüstan üzrə müxbiri Ruslan Həsənov, “Report” informasiya agentliyinin müxbiri Xanlar Mehdiyev çıxış edərək Azərbaycan mətbuatının inkişafı, bu sahəyə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat veriblər.
Sonra azərbaycanlı jurnalistlər - Xətayi Əzizov, Ruslan Həsənov və Xanlar Mehdiyev Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif olunublar.
Tədbir çərçivəsində, həmçinin “Alyans”da təşkil olunmuş dil kurslarını uğurla başa vuran məzunlara sertifikatlar təqdim edilib.
Xətayi Əzizov
Tbilisi