Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı bu ölkənin mətbuatında geniş işıqlandırılıb
Qahirə, 15 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü ilə bağlı Azərbaycanın Misirdəki səfirliyinin bəyanatı bu ölkənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda iyunun 15-nin Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilməsi vurğulanıb. 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi, müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranının yaşandığı barədə məlumatlar verilib.
Bir tərəfdən, ictimai həyatın bütün sahələrində xaosun, hərc-mərcliyin hökm sürməsi, orduda vəziyyətin ağırlaşması, fərariliyin artması, digər tərəfdən, erməni təcavüzünün gündən-günə güclənməsi və Azərbaycanda hakimiyyət böhranının yaşanması, həmçinin gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizənin güclənməsi bəyanatda öz əksini tapıb.
Həmçinin, bəyanatda 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsinin ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərməsi, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin yarandığı qeyd edilib.
Vətənin belə ağır günlərində Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalq tərəfindən Naxçıvandan Bakıya dəvət edilməsi, Ulu Öndərin xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul etməsi, iyunun 9-da Bakıya gəlməsi diqqətə çatdırılıb. Ulu öndər Heydər Əliyevin çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alması xüsusi vurğulanır. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, beləliklə, iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması, xalqın tələbi ilə Milli Məclisin 1997-ci ilin iyununda bu günü bayram elan etməsi ilə bağlı məlumatlar bəyanatda öz əksini tapıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə