AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ İTALİYADA QEYD OLUNMUŞDUR
Burada Azərbaycanın milli suvenirləri, rəsm əsərləri, kitab, broşür və bukletlərindən ibarət sərgi qonaqlar tərəfindən maraqla qarşılanmışdır. Bakı Musiqi Akademiyasının məzunu, hazırda ABŞ-da yaşayan gənc həmyerlimiz, istedadlı skripkaçı Səbinə Rakçeyevanın ifasında İtaliya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert hərarətlə qarşılanmışdır.
Səfirliyin müvəqqəti işlər vəkili Bayram Həsənov yerli mətbuata, Türkiyənin Anadolu, Rusiyanın İTAR-TASS agentliklərinə müsahibələrində müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması, həmin dövrdə həyata keçirilən tədbirlər, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının yeni demokratiya və tərəqqi dövrünə qədəm qoyması barədə məlumat vermişdir. Natiq Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın perspektivlərindən danışmışdır. O, İtaliyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu qeyd edərək bildirmişdir ki, respublikamız suverenliyini bərpa etdikdən sonra dövlətlərimiz arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli liderimizin Azərbaycan-İtaliya münasibətlərinin inkişafındakı xidmətlərini xüsusi vurğulayan B.Həsənov Prezident Heydər Əliyevin 1997-ci il sentyabrın 25-28-də İtaliyaya rəsmi səfərinin tarixi hadisə olduğunu, bu səfərin ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyən etdiyini, dövlətlərimizin siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafı üçün çox möhkəm zəmin yaratdığını vurğulamışdır.
Daha sonra o, İtaliya ilə Azərbaycan arasında iqtisadi, xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanları, son illər ölkəmizin iqtisadiyyatına qoyulan və qoyulacaq sərmayələrdən, sabit sərmayə mühitindən, respublikamızda dünyanın ən iri enerji layihəsinin həyata keçirilməsindən, ictimai-siyasi sabitliyin bərqərar olmasından, ölkədə müasir, demokratik cəmiyyət quruculuğunun davam etdirildiyindən danışmışdır.
Müvəqqəti işlər vəkili vurğulamışdır ki, Azərbaycan-İtaliya işgüzar əməkdaşlığının daha da intensivləşdirilməsinin böyük perspektivləri vardır və bu, nəinki ölkələrimizin maraqlarına cavab verəcək, bütövlükdə ümumavropa iqtisadi inteqrasiyasına imkan yaradacaqdır.
O, ölkəmizin, ümummilli liderimiz Heydər Əliyevin siyasətinin Avropa ailəsinə inteqrasiyadan ibarət olduğunu diqqətə çatdıraraq bildirmişdir ki, bu gün bu yolu onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.
Bundan əlavə, Respublika günü ərəfəsində İtaliya televiziyası ilə Bakı şəhərinin diqqətəlayiq yerlərindən, Azərbaycan xalqının tarixindən və adət-ənənələrindən bəhs edən “Bakı-Qədim odların sirləri” sənədli filminin nümayişi təşkil olunmuşdur.