Azərbaycanın Qarsdakı baş konsulluğu Xocalı soyqırımının ildönümü ilə bağlı açıqlama yaymışdır
Bakı, 22 fevral (AZƏRTAC). Azərbaycanın Qarsdakı baş konsulluğu Xocalı soyqırımının ildönümü ilə bağlı açıqlama yaymışdır.
AZƏRTAC Türkiyənin Anadolu agentliyinə istinadla xəbər verir ki, açıqlamada 26 fevralın 1992-ci ildən etibarən azərbaycanlılar üçün artıq adi bir gün olmadığı bildirilir. Açıqlamada 19 il əvvəl Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş misli-bərabəri olmayan vəhşiliklər haqqında məlumat verilir.
Qeyd edilir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Sənəddə Ermənistan silahlı quldur birləşmələrinin Azərbaycan torpaqlarında törətdikləri soyqırımın və erməni vəhşiliyinin dəhşətli nəticələrini dünya ictimaiyyətinə çatdırmağın vacibliyi xüsusi vurğulanır. Xocalı soyqırımının erməni qatilləri tərəfindən insanlığa qarşı törədilmiş cinayət olduğu diqqətə çatdırılır. Xocalı qətliamı gününün BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının qüvvəyə minməsi günü ilə eyni vaxta düşdüyü qeyd edilir.
Məlumatda hər il fevralın 26-da Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, konsulluq və nümayəndəlikləri, eləcə də diaspor təşkilatlarımız tərəfindən Xocalı qurbanlarının xatirəsinin yad edildiyi bildirilir.
Bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində lazımi işlərin görüldüyü qeyd olunur. Bu məsələdə ən böyük səylərin Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” Beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyəti xüsusi vurğulanır.