Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi yüksək qiymətləndirilib
Paris, 15 dekabr, AZƏRTAC
UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) UNESCO yanındakı qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev sədrlik edib.
Tədbirdə sentyabr ayında keçirilmiş iclasdan ötən müddət ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində görülən işlərdən danışılıb.
Sonra UNESCO İcraiyyə Şurasının sədri, Serbiyanın UNESCO yanında daimi nümayəndəsi Tamara Rastovak-Siamaşvili çıxış edərək, Hərəkatın çox mühüm platforma olduğunu və sədrliyi dövründə QH ölkələrinin maraqlarından çıxış etdiyini bildirib. O, qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
UNESCO-da inkişaf etməkdə olan Kiçik Ada Dövlətlər qrupunun sədri, Kuk Adalarının UNESCO yanında daimi nümayəndəsi Natali Rozet-Kazel yeni hazırlanan əməliyyat strategiyasından söz açıb, qeyd edilən ölkələrin çox həssas olduğunu və mütəmadi dəstəyə ehtiyacı olduqlarını bildirib.
İclasda iştirak edən səfirlər Azərbaycanın Qoşulmama Hərəkatına səmərəli sədrliyini vurğulayaraq müzakirə olunan sahələr üzrə birgə işləməyə hazır olduqlarını qeyd ediblər. Həmçinin ötən iclasın hesabatı dinlənilib və qəbul olunub.
Daha sonra Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələr aparılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris