AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRLİYİ XEYRİYYƏ SƏRGİSİNDƏ İŞTİRAK EDİR
Azərbaycanın Moskvadakı səfirliyi də tədbirin iştirakçıları arasındadır. Sərgiyə gələnlər səfirliymizin stendindəki milli suvenirlərə, şərabçılıq məhsullarına, mürəbbələrə, müxtəlif spirtsiz içkilərə xüsusi maraq göstərirlər. Stendin ekspozisiyasında respublikamızın turizm imkanlarından söhbət açılır, “Azərbaycan İnternəşnl” və “İrs” jurnalları təqdim olunur. Sərgidə Azərbaycanın “Miripak”, “Saf” və “Mosazərvinzavod” şirkətləri iştirak edirlər.
Azərbaycan səfirliyinin birinci katibi Anar İmanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, səfirliyimiz bu sərgidə ilk dəfə iştirak edir. Sərgidə nümayiş etdirilən milli məhsulların satışından əldə olunan vəsait Rusiya uşaq evlərinin hesabına köçürüləcəkdir.
Qeyd edək ki, sərginin təşəbbüsçüsü olan Ümumrusiya Sərgi Mərkəzinin rəhbərliyi aksiyada iştirakına və rusiyalı uşaqlara qayğıkeş münasibətə görə Azərbaycanın Moskvadakı səfirliyinə təşəkkürünü bildirmişdir.
Sərginin iştirakçıları arasında Türkiyənin, Yunanıstanın, İranın, Macarıstanın, Anqolanın, Ekvadorun, Efiopiyanın, Namibiyanın, Hindistanın, Polşanın, Moldovanın, Venesuelanın, Monqolustanın və digər ölkələrin səfirlikləri də vardır.