AZƏRBAYCANIN SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINDAKI SƏFİRLİYİ RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRMİŞDİR
Səfirliyimiz Respublika günü münasibətilə Azərbaycanın müstəqillik tarixindən, sosial iqtisadi sahədə qazandığı uğurlardan söhbət açan materiallar hazırlayıb İslam İnformasiya Agentliyi vasitəsilə İKT üzvü olan dövlətlərdə, Səudiyyə İnformasiya Agentliyinin xətti ilə yerli mətbuat orqanlarında dərc etdirmişdir. Nüfuzlu “Ər-Riyad” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin fotoşəkli ilə bərabər geniş material dərc olunmuşdur.
Mayın 24-də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Bu tədbirdə jurnalistlərə ölkəmizin daxili və xarici siyasi kursu barədə ətraflı məlumat verilmiş, Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlar diqqətə çatdırılmış, ölkəmizdə əlverişli sərmayə mühitinin yaradıldığı vurğulanmış, respublikamızın Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafında maraqlı olduğu nəzərə çatdırılmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və ağır nəticələri, həmçinin problemin sülh yolu ilə aradan qaldırılması üçün dövlətimizin göstərdiyi səylər barədə mətbuat nümayəndələrinə ətraflı məlumat verilmişdir.
Mayın 26-da Ər-Riyad şəhərinin məşhur “Riyad Palas” sarayında səfirlik Azərbaycan Hökuməti adına ziyafət vermişdir. Ziyafətdə Ər-Riyad vilayəti valisinin müavini, Kralın qardaşı Əmir Səttam bin Əbdüləziz Al Saud, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin əməkdaşları, yerli siyasi və ictimai dairələrin nümayəndələri, xarici ölkələrin səfirləri və dost ölkədə işləyən azərbaycanlılar iştirak etmişlər. Ziyafətdə Kral ailəsinin üzvlərindən, ölkənin nazirlərindən və digər rəsmi şəxslərdən səfirliyin ünvanına daxil olmuş çoxsaylı təbrik məktubları oxunmuşdur.
Mayın 27-də Səudiyyə Ərəbistanının mərkəzi televiziyası Kral Fəhd bin Əbdüləzizin Respublika günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunun mətnini oxumuşdur.