Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsi ilə əlaqədar mətbuat konfransı keçirilmişdir
Düşənbə, 24 yanvar (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransında “Xovar” dövlət informasiya agentliyinin, “Cahonnamo”, “Poytaxt” televiziya kanallarının, “Vatan”, “Ozodi” radiolarının, “Ozodaqon”, “Mərkəzi Asiya Xəbərlər Xidməti”, “Tacikistan qadınları” jurnalının əməkdaşları, digər KİV nümayəndələri iştirak etmişlər.
Səfir Abbasəli Həsənov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş faciə haqqında ətraflı məlumat vermişdir.
Səfir keçmiş sovet ordusunun Bakıda törətdiyi vəhşiliklərdən danışmış, təpədən dırnağa qədər silahlanmış azğın əsgərlərin paytaxtın küçələrində dinc sakinlərə qarşı amansızlığı haqqında məlumat vermişdir. Onun sözlərinə görə, azğın sovet qoşunları və “rezervist” deyilən quldurlar bir gecənin içində dinc əhaliyə divan tutmuş, qocalara, qadınlara, uşaqlara aman verilməmişdir. Şəhidlərin arasında 13 yaşlı uşaq, 77 yaşlı qoca da vardır. Həmin gecə 5,45 kalibrli ağırlıq mərkəzini dəyişən zəhərli güllələrdən istifadə olunmuşdur ki, bu da beynəlxalq konvensiyalara ziddir.
Keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun Bakıda fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar fərmanı isə insanlar qırıldıqdan sonra - yanvarın 20-də səhər tezdən oxunmuşdur.
A.Həsənov demişdir ki, faciədən bir gün sonra yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirərək sovet ordusunun Bakıya yeridilməsini və burada törətdiyi vəhşiliyi pisləmiş, faciənin məsuliyyətini Mixail Qorbaçovun üzərinə qoymuş və etiraz əlaməti olaraq kommunist partiyası sıralarından çıxmışdır.
Sonra səfir jurnalistlərin suallarına cavab vermiş, 20 yanvar faciəsi haqqında sənədli film göstərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə